Salam, dəyərli oxuyucular! Bu dəfəki yazım turizm
haqqında olacaq. Azərbaycan turizm potensialı kifayət qədər olan bir diyardır,
bu halda nə üçün ölkəmizə yetərincə turist gəlmir?! Bu suala cavab verə bilmək
üçün bir qədər müqayisəli araşdırma etdim və bu araşdırmanı təqdim edirəm.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
(ARDSK) rəsmi məlumatlarına əsasən
2014-ci il üzrə Azərbaycan sərhədlərini keçən xarici vətəndaşların sayı 2 297 804 təşkil etmişdir. 2015 və
2016-cı illər üzrə rəsmi statistika olmadığına görə 2014-cü ilin məlumatlarından
istifadə etməyə çalışdım.
Araşdırma zamanı bu göstəricinin qarşıma çıxması
olduqca maraqlı gəldi. Qəbul edilmiş və göndərilmiş turistlər sayı adlı cədvəldə
qəbul edilmiş turist sayları ilə bağlı statistika 10 657 nəfər kimi qeydiyyatdan keçmişdir.
(Mənbə: ARDSK- http://www.stat.gov.az/source/tourism/)
(Mənbə: ARDSK- http://www.stat.gov.az/source/tourism/)
Rəqəmlərin yüksək olmaması insanı düşündürməyə vadar
edir. Hansı ki, yaxın Türkiyə, Gürcüstanda ildən-ilə turistlərin sayı artır və
təsadüfi deyil ki, 2014-cü il üçün Türkiyə 39.8
milyon nəfərlə ən çox turist qəbul edən 6 ölkədən biri kimi qeyd edilirdi (Mənbə: Birləşmiş Millətlər Təşkilatı yanında Dünya Turizm Təşkilatı- http://www2.unwto.org/).
Azərbaycanda səfalı yerlər, dilbər guşələr, təmiz
havası ilə fərqlənən məkanlar olduqca çoxdur: Quba, Qusar, Xaçmaz, Zaqatala,
Balakən, Şəki, Oğuz, Qax, Şamaxı, Gədəbəy, Lənkəran, Lerik, Göygöl, Gəncə, Naxçıvan və s.
Bu siyahını daha da uzatmaq olar. Məsələ burasındadır ki, canımız məmləkətimizə
turistlərin kütləvi axını yoxdur. Səbəblər nədir?!
Turizmə ən çox təsir
edən amillər sırasında: viza rejiminin
sadəliyi, infrastrukturun rahat və göz oxşayan olması, aşağı büdcəli uçuşlar təşkil
edən şirkətlərin mövcud bazarda çoxluğu, ölkənin nəqliyyat marşurtunun
anlaşılan və keyfiyyətli xidməti təmin edə bilməsi, otel-mehmanxana xidmətlərinin
keyfiyyətli və müxtəlif qrup müştərilər üçün təkliflərinin çox olması,
restoran-əyləncə məkanlarının xidmətdə müştəri məmnuniyyətliliyinə yönəlməsi və
s.
Qərbdən, xüsusilə Avropadan, Amerika və Asiyadan gələn
turistlər üçün aviabiletlər baha
olması məsələni qəlizləşdirir. Bugün artıq bu problem qismən həll olunub, belə
ki, Qəbələdən “aşağı büdcəli-low cost” sərnişinlər üçün Türkiyə və Avropanın
bir çox şəhərlərinə gediş-gəliş üçün nisbətən ucuz aviabiletlər əldə etmək
mümkündür.
Viza rejimi turistlərin cəlb olunmasında ən önəmli faktorlardan
biri hesab olunur. Hamıya məlumdur ki, Türkiyədən gələn turistlər üçün viza
rejimi tətbiq olunur. Bir dəfə türk dostum: “Azərbaycana gəlmək istəyirəm,
ancaq anlaya bilmədim niyə viza rejimi tətbiq olunur, halbuki siz Türkiyəyə
vizasız giriş-çıxış edə bilirsiniz” dedi. O zaman bu suala cavab verə bilməmişdim.
Türkiyədən Azərbaycana turistik məqsədlə gəlmək istəyən dostlarım çoxdur. Viza
rejiminin aradan qaldırılması ilə cəlb edilən turistlərin sayını artıra bilərik,
həmçinin viza rejimi qaydalarının sadələşdirilməsində də fayda olacağını
düşünürəm.
Xidmət sahəsi, xüsusilə, otel-mehmanxana, restoran-əyləncə,
daxili nəqliyyat və s. kimi xidmətlər turizmin özəyini təşkil edir. Restoran və
otel xidmətləri təklif edən çox məşhur bir şirkətlə başıma gələn hadisəni qısaca nəql edəcəm:
“Üç il öncə xarici qonaqlar ilə Qəbələyə yollandıq.
Otel əvvəlcədən bron edilmişdi. Nəysə… Yemək zamanı otelin restoranında xidmət
edən ofisantın qaşqabaqlı sifəti, turşumuş üz-gözü və acı dili sanki, otelin ulduzlarına birini də əlavə edəcəkdi.
Xarici qonaqlar da bu xidmətdən olduqca narahat oldular və həftəlik gəldiyimiz
məkanı cəmi 2 gün sonra tərk etmək məcburiyyətində qaldıq.“
Ümid edirəm ki, indi o oteldə hər şey qaydasındadır.
Həmçinin kiçik-orta turizm obyektlərinin, hostellərin azlığı və olmaması, otellərdəki
qiymətlərin və təklif edilən xidmətlərin yüksək olması göz qamaşdırır.
Avropada olduğum 11 ay ərzində 10 ölkə, 24 şəhər gəzmək qismət oldu. Gəzdiyim
ölkələr sırasında Avropanın ən bahalı şəhərləri də var idi. Lakin hostellərin və
ya kiçik mehmanxanaların, restoranların təklif etdiyi nisbətən ucuz qiymətlər hər
kəsin büdcəsi üçün hesablanıb.
Yazının davamı
tezliklə olacaq.
Hər kəsə gözəl və mənalı yay istirahəti arzu edirəm…
Vahid Məsimov


No comments:
Post a Comment