Əziz və dəyərli oxuyucular, nəqliyyat sektoru ilə
bağlı son günlər qarşıma çıxan problemləri və onları necə dəf etmək barədə
fikirlərimi paylaşıram...
Son illərdə Nəqliyyat Nazirliyinin İntellektual
İdarəetmə Sistemi ilə tanış olduq. Bu addımı olduqca xoş qarşıladım və Azərbaycanın
ən böyük şəhəri olan Bakının nəqliyyat sisteminin intellektual idarə olunması xəbəri
ən çox məni sevindirdi. Bu sistem tətbiq olunandan bir müddət sonra sürücülər,
sərnişinlər bundan narazılıq edirdi. Sözün düzü başa düşə bilmirdim bu narazı
olan insanları ki, görəsən insanlar bu cür intelektual idarə olunan nəqliyyat
sektorumuzu niyə bəyənmirlər?
Əslində isə “intellektual”
idarəetmədə kifayət qədər çətinliklər var. Əvvəla, ictimai
nəqliyyatda vahid ödəniş kart sisteminə 2012-ci ilin aprelində keçmək nəzərdə
tutulmuşdu. Həmin tarixdən nə az, nə çox 3 ildən artıq zaman keçir, görəsən
3 ildə “intellektual” idarə olunan nəqliyyatımız bu sistemə niyə keçə bilmir?!
ARDINI OXU...
ARDINI OXU...
Bu yaxınlarda Azərbaycan mötəbər İlk Avropa
oyunlarına ev sahibliyi etdi. Avropa oyunları zamanı şəhərdə hərəkətin sıxlıq
müşahidə olunan yerlərində Dövlət Yol Polisi əməkdaşlarının köməyilə sıxlıq demək
olar ki, yox idi. Xüsusilə 20 Yanvar metro stansiyası yaxınlığı və həmin dairədə
olan taksi sürücülərinin və digər park yerlərinin oradan yığışdırılması kifayət
qədər uğurlu addım idi. Lakin oyunlardan sonra vəziyyət yenə əvvəlkinə qayıdıb.
Necə deyərlər, köhnə hamam, köhnə Bakı...
Avropa oyunlarının bitməsi fonunda 20 Yanvara, Milli Məclis, Şəhidlər
Xiyabanı, Mərkəzi Klinik Xəstəxana, İçərişəhər metro stansiyası istiqamətinə
buraxılan əvvəlki marşurtlar xəttdən çıxarıldı və ya bu ərazilərdən keçməmək
tapşırıldı.
Xırdalandan 20 Yanvara getmək istəyən vətəndaş
Şamaxinkada düşüb, 20 Yanvar istiqamətinə piyada getməli və ya Memar Əcəmi metro stansiyasına gedib
ordan yenidən 20 Yanvara qayıtmalıdır. Həmçinin, Şəhidlər Xiyabanına şəhidlərimizi,
Mərkəzi Klinik xəstəxanaya xəstəsini ziyarət etmək istəyənlər də piyada getməlidirlər,
çünki bu istiqamətdə marşurtların hərəkəti məhdudlaşdırılıb. Yaxında isə metro
yox, başqa ictimai nəqliyyat növü yox, insanların taksiyə verməyə pulu yox. Bu məntəqələrə çatmaq üçün əlavə zaman və
pul xərcləmək nəyə lazım?!
"İntellektual”
idarə olunan
nəqliyyat sistemi bu illər ərzində göründüyü kimi heç də özünü doğrultmur.
Nəqliyyat Nazirliyi ictimai nəqliyyatı
intellektual idarəetmə sistemini daha da təkmilləşdirib və keyfiyyətli xidmət
üçün aşağıdakı məsələləri diqqətində saxlamalıdır:
- İctimai nəqliyyatda vahid ödəniş kart sisteminə
keçidin təmin olunması;
- Marşurt xəttlərinə ayrılan şirkətlərin ya mərkəzdən,
ya da bələdiyyə, icra hakimiyyətləri tərəfindən nəzarətinin təmini (Türkiyə
timsalında İstanbul Böyükşəhər Bələdiyyəsi nəqliyyatının idarə olunması təcrübəsini
tətbiq etmək mümkündür);
- Sürücülərə, nəqliyyat şirkət rəhbərlərinə mütəmadi
olaraq təlimlərin keçirilməsi (İnsanlarla münasibət, özünü aparmaq, yol hərəkəti
qaydaları ilə bağlı və s.);
- Marşurtlarda mütəmadi olaraq reydlər aparmaq;
- İntellektual idareəetmə sistemində dünya təcrübəsinin
xüsusilə, İsveç (həm internetlə, həm
birbaşa dayanacaqda dayanıb lazımi avtobusun nə vaxt gələcəyini dəqiq bilmək
olar), Niderland, Fransa, Almaniya, Türkiyə və s. kimi ölkələrin təcrübəsindən yararlanmaq olar;
-Biletlərin alınması prosesinin internet üzərindən mümkünlüyünün təmin edilməsi.
Ümid edirəm
ki, vətəndaş olaraq biz də tezliklə, sözün əsl mənasında intellektual idarə
olunan nəqliyyat sisteminin faydalarından istifadə edə bilib, zamanımıza və əsəblərimizə
qənaət edəcəyik.
Növbəti yazılarda oxunmaq ümidilə...
Vahid Məsimov

No comments:
Post a Comment