Axşam futbola baxandan sonra yatmağa
getdim. Kondisioner də işləyirdi. Səhər saat 04:25-də istidən, tər-su içində
oyandım, işığı yandırdım, ancaq yanmadı, suyu açdım gəlmədi. Həyat sanki
dayanmışdı...
Blokda olan sayğacları yoxlamağa
getdim. Saat 4:30 əlimdə telefon fanarı, qaranlıq və quşların səsi. Nə baş
verdiyini təbii ki, anlamırdım, yuxulu idim. Nəysə, əlqərəz.
Sonradan öyrəndik ki, dünən gecədən
bugün səhər saatlarına qədər ölkə ərazisində elektrik enerjisinin verilməsində
problemlər yaranmasına səbəb doğma
dədə-baba ocağımda- Mingəçevirdəki İstilik Elektrik Stansiyasında
generatorlardan birində yaranan problem imiş.
Dəyərli oxuyucular, elektrik enerjisi və su olmadan açılan
səhərimiz barədə geniş və uzun uzadı yazmaq istəmirəm. Sadəcə bir nüansa
diqqətləri cəlb etmək istərdim. Belə ki...
Hər birimiz TV-yə baxa bilməməkdən, telefonlarımızın enerji batareyasının tükənməsindən, internet olmamasından o ki, var şikayətləndik. Amma bir şeyi unutduq...
Əslində elektrik enerjisi olmadan yaşaya biləcəyimizin
fərqinə vardıq, deyilmi?! Xəstəxanalarda, əməliyyat masalarında həyatları ilə
əlləşən insanların elektrik enerjisindən asılılığı, hər halda bizim
telefonumuzun elektrik enerjisindən asılı olmasından daha önəmlidir, deyilmi?
Əslində unutduğumuz empati qurmaqdır. Özümüzü
qarşıdakının yerinə qoya bilməməkdir. Kimlərsə, xəstəxana qapılarında, reanimasiya
otaqlarının qarşısında gecə boyu elektrik enerjisinin verilməsini dua etdiyi
halda, bizlər Wi-Fi olmadığından şikayətləndik.
İşıqlarımızın hər zaman yanması, empati qura bilmək və
növbəti yazılarda oxuna bilmək ümidilə...
Vahid Məsimov
No comments:
Post a Comment