May 8, 2020

Səmimi deyilik?

2 ildən sonra yeni yazımızla qarşınızdayıq. Ümid edirəm ki, hər biriniz yaxşısınız.

Səmimi deyilik? Bəlkə də bəziləriniz niyə axı biz səmimiyik deyirsiniz və ya elə bu yerdə səhifəni bağladınız ki, bu nə mənasızlıqdır... Hələlik...

Oxumağa davam edənlər səbriniz və güvəniniz üçün təşəkkür edirəm. Ola bilərmi ki, səmimi deyilik?

Danışdığımız kimi yaşamırıq. Bu səbəb olar bilərmi sizcə?

"Yerə tüpürmək mədəniyyətsizlikdir!" deyirik hər birimiz, deyilmi? Əksini deyən neçə nəfər var? Çox gözəl... O zaman yerə tüpürənlər kimlərdir? 

Yol hərəkəti qaydalarını pozan sürücülər görəndə deyinirik, bəlkə də söyürük. Bəs onda niyə özümüz qırmızı işıq, qoşa xətt, dörd yol və s. demədən qaydaları pozuruq. Bəlkə də indi bəzilərimiz, "Nə edim axı, tələsirdim və s." deyəcəksiniz. Bəhanələrdir, başqa bir şey deyil. Başqalarını tənqid etdiyimiz halda, özümüzü niyə görmürük ki? Ola bilərmi ki, səmimi deyilik?

Çünki hesab edirik hər şeyin "ən yaxşısını" bilirik. Övladlarımıza, yaxınlarımıza, dostlarımıza nəyin doğru, nəyin yalnış olduğunu o qədər gözəl və "əsrarəngiz" cümlələrlə izah edirik ki... Di gəl ki, icra etmək mərhələsində başqalarına verdiyimiz məsləhətlərə nəyinki əməl etmək, heç o barədə düşünmürük də. Niyə görəsən?

Ətraf mühitin mühafizəsi üçün bəlkə də uzun-uzadı mülahizələr yürüdüb, insanların ətrafı çirkləndirməsini qınayırıq, di gəl ki, özümüzə qaldıqda... Avtomobilimzdə olarkən, ictimai nəqliyyatda və piyada gəzərkən əlimizdə olan nə varsa, bayıra ata bilirik. Soruşanda ki, "Niyə axı "zibilləyirsən"? "Neyniyim ey zibil qabı yoxdur!" cavabını verib sual verən insanı peşman da etmək kimi bir "bacarığımız" var. Səmimi deyilik...

Özümüzlə tək qalanda kim olduğumuzu, hardan gəldiyimizi və nə üçün yaşadığımızı çox yaxşı bilirik. Di gəl ki, başqalarının yanında... Kiməsə görə həyatımızı şəkilləndirmək istəyirik. Qonşu Güldəstə xalanın oğlu Avropada oxuyub, mən də oxumalıyam deyib, bu yola necə və nə üçün çıxdığımızı bilməyən də təəssüflər olsun ki, bizik. Bəzilərinizin bu yerdə "Nə var axı burada, pis bir şey yoxdur" dediyinizi sanki eşitmiş oldum. Pis olan odur ki, məqsəd-hədəf qoymadan çıxılan yol, əliboş geri qayıtmaqla nəticələnə bilər ki, bu da sonda çox böyük demotivə olmaqla bitər.

Başqalarının uğurlarına guya sevinirmiş kimi o hiyləgərcəsinə baxmağımız da var. Bizi biz etməyib, başqalarının kölgəsində qalmağımıza səbəb olan bu deyilmi sizcə?

Səmimi deyilik? Hisslərimizi aşkar etməkdən qorxuruq, niyə?  Çünki ətrafdakıların "Filankəs pis adamdır" damğası bəzən qorxudur bizi. Sevmədiyin biri ilə eyni məkanı paylaşmaq da var... Səmimi deyilik? Sevmədiyimiz, hətta narahatlıq verən insanları "tərifləməyimiz" də var. 

Bir zamanlar uğurlarını görməzdən gəlib, maneələr yaratdığımız insanların uğur qazanmasını görər-görməz təriiflər yağdıraraq, sanki onların yanında olduğumuzu göstərməyimiz də başqa bir bəladır.

Yazdıqlarımızı oxuyaraq, sadəcə düşünək, dəyərli dost! Yaradan bizi mükəmməl şəkildə yaradıb və digər canlılardan (heyvan, bitki və s.) düşüncələrimiz, hisslərimiz, idrakımız və s. ilə fərqləndirib. Səmimi olmamağımız üçün hər hansı bir səbəb varmı?

Demək olar ki, mütəmadi olaraq yazmırıq, bilirsiniz. Youtube layihəmiz (Vahid Masimov-Personal Development) var... Fərdi inkişafınıza dəstək olaraq səmimi şəkildə inkişafınıza səbəb olan təlimlərimiz də davam edir.

Səmimi olmaq ümidilə...

Vahid Məsimov

No comments:

Post a Comment

Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...