Cümə
günü məscid yolundayam. Həmişəki kimi yenə də ictimai nəqliyyatda. Bu dəfə
yolum 28 May metrosu yaxınığında yerləşən “Əjdərbəy” məscidinədir. Arxa
oturacaqda eyləşmişəm. Bilirəm ki, həmişə olduğu kimi bu dəfə də nəysə olacaq və...
ARDINI OXU...
ARDINI OXU...
Təəccüb
içərisindəyəm, çünki şükürlər olsun, artıq məscidə yaxınlaşıram və hər şey
yolundadır. Uzun sözün qısası, məsciddən çıxdım və sevinə-sevinə yenə də
ictimai nəqliyyatdan istifadə etməyə qərar verdim, metroya düşməli oldum.
Burada isə vəziyyət heç də yaxşı deyil...
İnsanlar
elə bil bir-birini “yeyəcəklər”.
Baxışlar, duruşlar və s. Elə bil heç bunlar eyni millət deyillər. Çaşqınlıq içərisində
hər şeyi sakitcə izləmək qərarına gəldim. Bax, indi anlayıram niyə mən hər dəfə
ictimai nəqliyyatda qulaqcıq istifadə etdiyimin əsas məğzini.
Çünki,
istəmirəm boş-mənasız, küçə sözlərini, qızların oğlanlara və əksinə bir-birləri
üçün işlətdiyi ifadələri eşidim. Nəysə... Nəhayət ki, “Memar Əcəmi”
stansiyası səsini eşitdim və sevincək tez ayağımı metrodan bayıra atdım.
Evə
çatmaq üçün hələ avtobusun da xidmətindən yararlanmalıyam. Avtobusa mindim, yenə
arxa oturacada əyləşdim. 30-32
yaşlarında biri də yanımda əyləşdi, əlində
isə tum və başladı qabıqlarını yerə atmağa. Hirsim artıq kəlləçarxa çıxır. Sonra
da başladı qışqıra-qışqıra telefonla
danışmağa. Mən isə hələ də qulaqcığı götürməməyin təəssüfü içərisindəyəm.
Birdən mən, “Niyə yerə atırsan zibili?”, “Bura bəyəm
zibil qabıdır?” dedim. O isə, “Sənə nə olub ey, elə bil öz maşınıdır?”,
“Bu boyda adam dillənmir sən dillənirsən?!” dedi. Bunun o sözündən sonra elə
bil avtobusdakılar yuxudan oyandılar, hamı mənim tərəfimdə danışmağa başladı, məni
göstərib “Düz deyir də” deməyə
başladılar və bu “ağıllı” da bir-iki
dayanacaqdan sonra avtobusdan düşdü.
Belələri
yəqin ki, sizlərin də dəfələrlə qarşısına çıxıb. Bir şeyi anlamıram, niyə axı biz?! Niyə axı biz beləyik?! Bunun səbəbini
araşdırmağa çalışdım. Bir şeyi anladım ki, belələrinin saylarının artmasında
bizlərin rolu da var. Belə ki, hər dəfə belələrini gördükdə heç nə demirik,
guya özümüzə görə yola veririk. Sonda
isə bu problemlər olur. İctimai qınaq deyilən bir şey yoxdur. Düşünürəm ki, o
artıq növbəti dəfə belə hərəkətlər etməyə çəkinəcək.
Bu hərəkətləri
etməyə səbəb nədir? Ailə tərbiyəsimi, ətraf
mühitmi, ali təhsilmi, yaşadığı problemlərmi, həyat şəraitimi insanları bu qədər
biganə, vecsiz, məsuliyyətsiz, səhlənkar edib? Bax, bu işdə hansı amilin
daha böyük rol oynadığını bilmirəm. Bir onu bilirəm ki, ətrafımızda olan heç nəyə
biganə qalmamalıyıq. Bu işlər, “mənim nəyimə
lazım, az aşım, ağrımaz başım” deyib qırağa çəkilməklə düzəlməz.
Ətrafda baş verənlərə biganə qalmamaq ümidilə, növbəti yazılarda oxunanadək...


No comments:
Post a Comment