October 4, 2014

XARİCDƏ TƏHSİL ALMAQ ÜÇÜN NƏ ETMƏLİYİK?

Salam, əziz və dəyərli oxucular. Söz verdiyim kimi xaricdə təhsillə bağlı yazımı sizlərlə paylaşıram. Xaricdə təhsil almaq arzusunda olanlar, bir az da yaxına gəlin və bütün detalları diqqətli oxuyun.

İlk öncə qeyd edim ki, Avropa, Amerika, həmçinin AvstraliyaAsiyanın bir çox tanınmış universitetlərində oxuya bilərik, hər birimiz. Sadəcə bizdən tələb olunan detallar var...
Ən əsas amil məqsəd, doğru istiqamət, özünə inam və valideyinlərin dəstəyidir. Qonşum Fatmagül xalanın oğlu Amerikada təhsil alırsa, “mən də getməliyəm” deyirsinizsə, bu sizdə alınmayacaq. Ən əsas problemlərdən biri bu zaman ortaya çıxır, kor-koranə kiməsə görə, məqsədsiz və hədəfsiz irəli atılmaq heç də yaxşı nəticələrə gətirib çıxarmayacaq. Əsas olan məqsədiniz və hədəfinizi müəyyənləşdirməyinizdir. Özünə inam hissi, də vacib motiv hesab edilə bilər. Mənəvi olaraq özünüzü başqa cəmiyyətdə yaşamağa hazır olduğunza inandırmağınız lazımdır. Valideyinlərin mənəvi və maddi dəstəyi də bu işin təməlidir.

Məqsəd, hədəf, özünə-inam formalaşdırdıqdan sonra tələb olunan detallar arasında demək olar ki, ilk yerlərdən birini sizin dil bilikləriniz tutur. Dil bilikləri seçəcəyiniz universitetə görə ingilis, alman, rus, ispan, portugal, çin və s. ola bilər. İELTS (International English Language Testing System) və ya TOEFL (Test of English as a Foreign Language) və s. dil sertifikatları tələb oluna bilər. Məlumat üçün qeyd edim ki, İELTS və TOEFL ingilis dilinin beynəlxalq dil kimi imtahan test sistemləridir. İELTS və TOEFL imtahanında iştirak edib uğur qazandıqdan sonra demək olar ki, işin 40 %-ini həll etmisiniz.

İkincisi, seçdiyiniz universitet sizdən əksər hallarda “Motivation letter” (motivasiya məktubu) tələb edir. Burada isə nə üçün həmin ölkə, universitet və ya ixtisası seçdiyiniz barədə dolğun, əsaslandırılmış, detallarla izah edilmiş bir məktub yazmalısınız. Çalışdığınız qədər səmimi olun və tam olaraq potensialınızı ortaya qoyun, sizi tanımayan insanlara özünüzü tanıdım, ancaq təbii ki, yaxşı tərəfdən. Çünki, xaricdə təhsilinizin reallaşması 30% bu məktubdan asılıdır.

Üçüncüsü,  “Recommendation letter adlandırılan bir məktub var ki, bu da bizim ölkədə yazılan “xasiyyətnamə”  məktubuna uyğundur. Çox hallarda iki Recommendation lettertələb olunur. Bu məktubu yazan insanlar sizi yaxından tanıyan və sizin haqqınızda dolğun və müsbət fikirləri olan, xüsusilə işlədiyiniz və ya təhsil aldığınız yerlərdəki menecerlər, professorlar, müəllimlər olsa daha yaxşı olar. İşinizin demək olar ki, 20%-i bu məktublardan asılıdır.

Nəhayət, yuxarıda qeyd etdiyim detallar sizdə ola bilər, amma uğur qazanmaya bilərsiniz, buna görə isə heyfslənməyin. İşin müəyyən bir qismi isə qismətşansımızdan asılıdır. Bir şeyi unutmayın ki, hər müraciət etdiyiniz proqramda yeni nələrsə öyrənirsiniz, bu isə sizin üçün əla təcrübədir. Siz müraciət etdiyiniz ildə sizdən daha güclü namizədlər ola bilər ki, onlar seçilsin, əsas olan məqsəddir, heç vaxt arzularınızı reallaşdırmaqdan imtina etməyin. Unutmayın ki, bir şey bütünlüklə əldə edilə bilmirsə, tamamilə ondan imtina etmək olmaz.


Növbəti yazılarda oxunmaq ümidilə...

Vahid Məsimov.

1 comment:

Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...