Salam, dəyərli
oxuyucular! Bu dəfəki mövzu Avropa Təhsil Sistemi (ATS),
xüsusilə Avropadakı ali təhsil müəssisələrindəki təhsil, qiymətləndirmə
sistemi, müəllimlər, maddi-texniki baza, kitabxana, yeməkxana barəsində olacaq
və keçirəm əsas məsələyə...
İlk öncə ümumi olaraq bəzi məsələləri qeyd etmək istərdim.
Avropada müəllim ayağını stolun üstünə qoya, dərsə cinslə və ya gündəlik geyimdə, saqqallı gələ bilər, ancaq əsas odur ki, müəllim dərsi maraqlı idarə edə bilir.
Bəziləriniz bəlkə də bunu ədəbsizlik adlandıracaq, məncə ədəbsizliyi auditoriyaya hazırlıqsız gəlib, tələbələrlə kobud davranan, semester sonunda onlardan pul alan müəllimlər edir.
Təsəvvür edin davamiyyətə əhəmiyyət verilməsə də
(yəni davamiyyət limiti yoxdur, tələbə dərslərə gəlməyə bilər), tələbələr bütün
dərslərdə iştirak etmək istəyir. Səbəbsə çox sadədir- müəllim maraq yarada
bilir, təəccübləndirməyi bacarır.
Tələbələr üçün də geyimdə heç bir məhdudiyyət
yoxdur, tələbə cinsdə, şortikdə, qısa geyimdə, hicabda, saqqallı, saqqalsız və
ya bığlı necə istəsə dərsə gələ bilər, professorlar
yaxşı bilirlər ki, bu kimi şeylər bilik qiymətləndirilməsi üçün əsas meyar
hesab edilə bilməz.
ATS tələbələri
sıxmır. Əksəriyyətinin 18-24 yaşı olan tələbələrə əsl şəxsiyyət kimi yanaşır. "Oxu, oxu, dərsə gəlməsən, davamiyyət
olmasa kəsiləcəksən!" kimi sözlərlə tələbələri bezdirmir. Ən əsası isə
tələbə anlayır ki, dərsdən keçmək və yaxşı mütəxəssis olmaq üçün mütləq oxumalıdır,
az və ya çox, ancaq oxumaq vacibdir.
Burada qiymət kitabçası və jurnal kimi XX əsrdən
qalmış vasitələrdən istifadə edilmir. Hələ də Azərbaycanın əksər universitetləri
bu cür vasitələrdən istifadə edir. Hər tələbənin universitetin web-səhifəsindən
qeydiyyatdan keçmiş tələbə nömrəsi olur və bununla tələbə qiymətlərini, dərslərini
izləyə bilir, müəllimlərlə birbaşa əlaqə yarada bilir (Magistratura təhsil
aldğım Qafqaz Universiteti bu təcrübədən
olduqca mükəmməl istifadə edir).
Müəllimlər
Müəllimlər kifayət qədər
sadə, səmimi və mehribandırlar. Dərsləri maraqlı
idarə etməyi bacarırlar, hər zaman dərsə hazırlıqlı gəlirlər, mövcud texnikadan
kifayət qədər məlumatlıdırlar, yenilikçidirlər, video və audio materiallardan istifadə edərək dərsə rəng qatmağı bacarırlar, üzündən mühazirə oxumurlar, yalnız
özləri danışmırlar, mütəmadi olaraq
diskussiyalar şəklində davam edən dərslərdə tələbələrə şəxsi və azad fikirlərini ifadə etmək üçün şərait yaradırlar. Tələbələrə əsl şəxsiyyət kimi yanaşılır.
Auditoriyada tələbəyə verilən bu imkanlar
tələbənin gələcək inkişafı üçün əvəzsizdir.
Problemlə qarşılaşanda hər zaman sənə yardım etmək üçün əllərindən gələni etməyə
çalışırlar. Hər bir müəllimin xüsusi
ayrılmış saatları var ki, həmin müəllim
bu zaman kəsiyini yalnız tələbələrin problemini dinləməyə ayırır.
Qiymətləndirmə sistemi
Qiymətləndirmə
sistemi fərqlidir. Tələbənin dərsi müvəffəqiyyətlə başa vurması üçün hər bir
şans yaradılır. Müəllimlər qiymət yazmaqda xəsislik
etmirlər. Belə ki, qiymətləndirmə sistemi 3 mərhələdən ibarətdir:
İlk mərhələ
semester boyunca davam edir. Tələbə dərslərdə iştirak etməklə müəllimin verdiyi
tapşırıqları yerinə yetirir. Tapşırıqlar məqalələrin yazılması, tədqiqatların
aparılması, layihələrin təqdim olunması və s. kimi ola bilər. Bu qiymətləndirmə
dövründə tələbələrə araşdırma metdolarını, tədqiqat üsullarının dərinlikləri
aşılanır. Bu dövrü müvəffəqiyyətlə başa vuran tələbələr imtahanlardan
azaddırlar.
İkinci mərhələ isə ilk mərhələdən
uğursuz keçənlər, işləyənlər üçün əla fürsət hesab edilə bilər. Belə ki,
semester boyunca dərslərə gəlməyib, məhz bu imtahanlardan müvəffəqiyyətlə keçmək
şansın yaranır. Düşünürəm ki, məhz bu tələbələrə azad seçim etmələri üçün verilən
gözəl imkandır. Tələbə seçim etmək
hüququna malikdir: ya bütün semster dərsə gəlib, verilən tapşırıqları
uğurlu yerinə yetirə bilər, ya da birbaşa olaraq semester daxili dərslərdən
imtina edib imtahanlara girə bilər.
Üçüncü mərhələnin adına isə “Bundan keçməsən tələbə deyilsən” demək
olar, çünki suallar ikinci mərhələdəki suallarla oxşar olur. Bir qədər oxusan
asanlıqla keçə bilərsən.
Qiymətləndirmə
sisteminin məhz 3 mərhələdə aparılması onu deməyə əsas verir ki, ATS tələbələrin
uğur qazanmasını, nəyisə öyrənməsini və imtahanlardan keçməsini istəyir. Bunun
üçün tələbələr üçün heç bir əsassız maneə
yaratmır. ATS-in fərqli və əsas xüsusiyyətlərindən biri də budur.
Maddi-texniki baza
Heç də fərqli bir
şey yoxdur. Avropada da auditoriyalar Azərbaycanda olandan heç də fərqli deyil-
stol, stullar, lövhə və proyektor. Maddi texniki baza eynidir. Əsas məsələ bu bazadan kimlərin necə
istifadə etmə məsələsidir. Müəllimlər hər zaman dərsi xüsusi maraqlı şəkildə-
təqdimatlar, vizual görüntülü materiallar, videolar, audio yazılar və s. ilə zənginləşdirməyi
çox yaxşı bacarırlar.
Kitabxana
Kitabxanalar universitetlərin ən əhəmiyyətli hissələrindən
biridir. Elektron qurulmuş kitabxana sistemi tələbələrin işini asanlaşdırır. Avropada,
xüsusilə təhsil aldığım Portuqaliyada
kitabxanalar saat 09:00-dan 22:00-dək
açıq olur. Bəli, 22:00-dək, çünki, bizim kimi magistratura təhsili alan
tələbələrin dərsləri 19:00-da başladığı üçün buna ehtiyac var. Hətta
kitabxanada xüsusi otaqlar var ki, 2-3 tələbə dostunuzla həmin otaqları sifariş
etməklə (heç bir ödəniş etmədən) rahat şəkildə istənilən məsələni müzakirə edə
bilərsiniz. Qeyd etmək istəyirəm ki, təhsil aldığım hər iki universitet- Mingəçevir Politexnik İnstitutu (indiki
Mingəçevir Dövlət Universiteti) və Qafqaz
Universitetində bu şansımız olmayıb, xüsusilə Qafqaz Universitetində
kitabxana 18:30-da bağlanırdı, dərslərimiz axşam olduğu üçün bir qədər çətinlik
çəkmişik. Məncə bunu tənzimləmək o qədər də çətin məsələ deyil. Azərbaycan
universitetlərində kitabxanalarda ən azı 4 nəfər çalışır, iş saatlarını düzgün tənzimləməklə Avropa təcrübəsini bilavasitə
tətbiq etmək olar.
Yeməkxana
Universitetlərdə bir
neçə yeməkxanalar fəaliyyət göstərir. Bütün növbələrdə oxuyan tələbələri nəzərə
alaraq yeməkxanalar saat 09:00-dan
22:00-dək açıq olur. Cəmi 2.95
avroya şorba, əsas yemək, meyvə, meyvə şirəsi və çərəzlər təklif edirlər. Tələbələr
bu əlverişli təklifdən istifadə edirlər. Universitetimizdə 4 yeməkxana olmasına
baxmayaraq hər zaman ən azı 20-25 dəqiqə növbə gözləməli olursan.
Dəyərli oxuyucular,
bunlar son 6 ayda bilavasitə Portuqaliyada şahidi olduqlarımdır.
Universitetimiz o qədər də böyük hesab edilmir, cəmi 11 000 tələbəsi və 3 şəhərdə
korpusu olan bir universitetdir. Ancaq olduqca maraqlı universitetdir, istər
layihələr, istərsə də professorlarına görə. Yuxarıda qeyd etdiyim təklifləri məncə
bizim universitetlərdə də tətbiq etmək olar. İnşAllah ümid edirəm ki, sözün əsl
mənasında biz də Avropa təhsilinə inteqrasiya edə biləcəyik. Gələcəkdə uyğun təkliflər
olsa gördüklərimi, öyrəndikərimi Azərbaycan universitetlərində tətbiq etmək
olduqca mənə xoş olardı. Bu arada artıq bir neçə universitetdən təkliflər
almışam.
Unutmayaq ki, bugünün
tələbəsi sabahın prezidenti, naziri, dövlət idarəçisidir!
Növbəti yazılarda oxunmaq ümidilə...
Vahid Məsimov



Vahid, təşəkkürlər yazıya görə. Bəlkə də, oxuduğun universitetlərə bu təklifləri yazılı şəkildə vermək olar. bilmək olmaz, bəlkə də ilkə imza atmış olarsan bununla.
ReplyDeleteBir məsələni dəqiqləşdirmək istəyirəm. Söhbət ATS-dən gedir yoxsa Portuqaliyada olan təhsildən? Çünki mən bildiyim qədəri ilə
ölkələrdə olan sistem bir-birindən fərqlənir.
Buyur, Tural. Portuqaliyada olan tehsil ele Avropa ile eynilik teshkil edir.
ReplyDelete