Evdən çıxdım və avtobus dayanacağına qədər 2-3 dəqiqə
piyada getdim...
Avtobus gəldi, mən də arxa oturacağa keçib əyləşdim.
Axşam gec yatdığımdan bir qədər yorğun idim. Əlimdəki kitabı həvəssizcə vərəqləməyə
başladım...
Bu günün qeyri-adi olacağını hiss edirdim. Hər
zamandan fərqli başqa bir gün. Bunun belə olacağının səbəbini özüm də
bilmirdim. Kitabı örtüb, bir qədər də fikirlərə daldım.
Azərbaycanı həqiqətən çox sevirəm, axı mən burada
doğulub, burada böyümüşəm. Bu qəribə bir sevgidir. Vətən sevgisidir. Heç nəyə
baxamayaraq sevirsən Vətəni, hər yeri sənə əziz gəlir. Hər kəsdə fərqli olur,
bu hisslər.
“Artıq formalaşmış bir cəmiyyət qurulub, hamı
bir-birinə hörmət və ehtiram göstərir, gənclər hər zaman böyüklərə qarşı nəzakətli
davranır və yaşlılar da eyni.
Məktəblərdə, peşə məktəblərində, kolleclərdə,
institutlarda, universitetlərdə dünya standartları ilə bərabər səviyyədə olan
bir təhsil sistemi müşahidə edilir. Rüşvət artıq hamı tərəfindən “ağacı içindən yeyən qurd” funkiyasını reallaşdırır
və heç kəs nə rüşvət alır, nə də verir.
Cəmiyyətdə müəllimlər və tələbələr bir-birinə
qayğıkeşliklə yanaşır. Müəllim tələbənin yeni biliklər əldə etməsi üçün
çalışır, tələbə də müəllimin öyrətdikləri üçün ona daim minnətdar olur. Tələbələr
artıq haqsızlıqla imtahandan kəsilmir, universitetlərimizdə müəllim-tələbə
dostluğu formalaşır. Tələbə imtahandan keçmək üçün müəllimə pul təklif etmir, müəllim də tələbəni
imtahandan kəsmək üçün bəhanələr
axtarmır.
Gənclər universiteti bitirən kimi öz ixtisalarına
uyğun iş tapır və bu işdə ilk öncə öz maraqları ilə bərabər çalışdığı şirkətin müvəffəqiyyət qazanması üçün əlindən gələni
edir. Heç kəs onlardan pul alıb işə
düzəltmək barədə vəd vermir.
Dövlətin xidmət orqanlarında da artıq hər şey
normal gedir. Vətəndaşın istəkləri nəzərə alınır, məmur süründürməçiliyi
müşahidə edilmir və hər şey zamanında həll olunur.
Artıq heç kəs öz övladını hərbi xidmətdən
yayındırmaq üçün dəridən qabıqdan çıxmır, hərbi xidmət əsl şərəf hesab edilir.
Hərbi xidmətdən yayınana “Halal olsun sənə,
sənin fərasətinə, nə var ey orda, otur evdə, sənə xidmət lazımdır?!” deyilmir,
əksinə “Get, Vətənə xidmət et, gəl,
Allah səni qorusun”deyilir.
Övlad öz atasına “A kişi, sən qocalmısan, bezdirmisən hamımızı” deyib, onu qocalar
evinə atmır. Övladlar və valideyinlər çox xoşbəxtdirlər.
İnsanlar bir-birinə qarşı laqeyd deyillər. Küçədə,
kafede, nəqliyyatda, qonşuluqda, işdə və s. insanlar olduqca mehriban və səmimidirlər.
İnsanlar bir-birinə riyakarlıq, paxıllıq və xəyanət
etmirlər, artıq. Cümə günündə hamı bütün işini bir kənara qoyub cümə namazına tələsir. Xütbəni səssizcə
dinləyir, namazını qılır, dua edib, Allaha itaətini göstərir.
Heç kəs pulu və maddi dəyərləri ilahiləşdirmir.
Özünə yetəcək dərəcədə pul qazanıb, “Mənə
kifayətdir, buna da şükür” deyir.
Bu yay da biz hamımız Şuşadakı istirahət məkanlarından birinə getməyi planlaşdırırıq, şəhərin
səs-küyündən uzaq, oranın təbiətinin dadını çıxaracayıq. Qarabağ atları üzərində
Qarabağın havasının təmizliyini nəfəsimizə çəkməyin planlarını edirik.”
Birdən...
“Qardaş, qardaş icazə ver düşüm” səsi eşitdim və bu səsin yanımda oturan bir
oğlandan gəldiyini anladım. Bütün bunlar yuxu imiş??? Mehriban insanlar, müəllim-tələbə dostluğu, kəsirsiz sessiya, rüşvətsiz
cəmiyyət, övlad-valideyin sevgisi, Vətən sevgisi, Qarabağ atları, havası, Şuşa
məscidi və s. Bunlar xəyaldı? Ola bilməz, inanmaq istəmirəm bunlara, kaş o
yuxu deyil, real olardı, kaş heç oyanmazdım o yuxudan. Kaş, təmiz, saf niyyətli
insanlardan formalaşan bir cəmiyyətdə yaşayardım. Ehhhh, bu kaşlar...
Düşünürəm ki, bunun üçün hər bir cəmiyyət fərdi
çalışmalıdır, ilk öncə özümüzdən başlayaq, əziz dostlar.
O yuxu deyildi, sanki həqiqət idi. 2014-cü ilin
2-ci həftəsində gördüyüm bu qəribə bir xəyal, gerçəkləşəcək nə vaxtsa, amma
bunun üçün mən, sən, biz və köhnəlmiş SSRİ başları dəyişməlidir.

Az qala inanacaqdım qaqaş çağırana qədər olan hissəyə.tək səni yox,məni də oyatdı sanki
ReplyDeleteela ela ellerine ve dusuncene saliq
Delete