Salam, dəyərli oxuyucular!
Əvvəlki yazılarda – (Avropa Təhsil Sistemi-ATS və ATS-2), xüsusilə
Avropadakı ali təhsil müəssisələrindəki təhsil, qiymətləndirmə sistemi, müəllimlər,
maddi-texniki baza, kitabxana, yeməkxana barəsində məlumat vermiş, müəllim-tələbə münasibətləri və tələbələrin
müəllimləri qiymətləndirmə mexanizmləri barədə yazmış və bu
sistemin Azərbaycanda tətbiq edilə biləcəyini bildirmişdim. ATS və ATS-2 adlı
yazını oxuya bilməyənlər aşağıdakı linklər vasitəsilə buyurub oxuya bilərlər:
Avropa təhsilinə inteqrasiya etmək, Avropa və Qərb
təhsil təcrübəsinin öyrənilməsi ölkəmizdə tətbiq edilməsi baxımından olduqca
vacib məsələdir. Bu yazıda isə daha çox Avropa universitetlərinin, xüsusilə
yuxarı kurs və magistratura pilləsi tələbələri üçün praktika-təcrübə imkanları barədə olacaq.
Azərbaycanda təhsil aldığım ali məktəblərdə də demək
olar ki, eyni təcrübə var idi (Mingəçevir Dövlət Universiteti-MDU və Qafqaz
Universitetində-QU). Lakin icrasında kifayət qədər çətinliklər var idi. Hər iki univeristetdə məzun olmaq üçün diplom
işi və dissertasiya yazmaq əsas idi. Təcrübi-praktikanı isə mühazirələr yazdırılmaqla başa
vururduq. Onsuz da bütün tədris ili boyunca nəzəriyyələrlə dolu olan beyinlərimiz bir qədər də yüklənirdi.
Nəzəriyyə vacibdir, ancaq təcrübədə tətbiqi də önəmlidir. Düşünün nəzəriyyə
var, ancaq təcrübəniz yoxdur. Hər zaman bunu uça bilməyən quşa bənzədirəm.
Avropada, həmçinin təhsil aldığım Portuqaliyada birmənalı olaraq yuxarı kurs və magistatura
tələbələrinə son buraxılış ili üçün 3
seçim hüququ verilir- diplom işi (dissertasiya)
yazmaq, layihə və 6-7-9 aylıq təcrübi-praktika. Tələbələr bacarıqlarından,
istək və maraqlarında asılı olaraq seçim edirlər.
Tələbə təcrübi-praktikanı
seçibsə, istədiyi şirkətlə razılaşa və ya universitetin təklif etdiyi şirkətlərdən
birində, ixtisasına uyğun olan departamentdə uyğun mövzunu həm təcrübi, həm nəzəri baxımdan araşdıra bilər. Təcrübənin müddəti isə şirkət-universitet-tələbə razılaşmasından asılı olaraq 6-7 və ya 9 ay davam etməlidir.
Nəzəri baxımdan universitetdə öyrəndiklərini praktiki baxımdan həyata keçirmək imkanının
olması olduqca önəmlidir. Bu baxımdan artıq məzun olan tələbə mütəxəssis kimi
yetişdirildiyini dərk edir və ən əsası “Bu
illərdə nə öyrəndim və nə bilirəm ki?!” “Harada işləyəcəyəm?!”, “Əşi təki iş
olsun, harada olur olsun işləyərəm” kimi ifadələr beynində formalaşdırmır və
konkret olaraq özü üçün kariyera
planlaşdırılmasını əvvəldən edir. Daha çox harada məhsuldar və faydalı
olduğunu dərk edir və oraya doğru yönəlir.
Bəzi universitetlərdə tələbənin mütəxəssis kimi
yetişdirilməsində müəyyən çətinliklər var. Bu o demək deyil ki, çətinliklər həll
edilə bilməz. Problemlər maneə olmamalıdır, yeni inkişafa təkan verməlidir.
Keyfiyyətli təhsil sistemlərindəki təcrübənin öyrənilməsinə və tətbiqinə
ehtiyac var.
Kor-koranə, planlaşdırılmadan
alınan təhsil, bir sözlə nə edəcəyini bilməyən, heç bir fikri olmayan məzunlar kütləsinin olması sonda
işsizliyə gətirib çıxarır ki, bu da cəmiyyətdə daha da qlobal problemlərin
olması ilə nəticələnir.
Daha bir təklifim “Karyera
planlaşdırılması”nın dərs kimi bütün ali məktəblərdə tədris edilməsidir.
Olduqca lazımlı bir dərsdir. Ən azından ixtisas dərsləri qədər vacibdir. Bu dərsi
tədris edən professional professor-müəllim
heyətinin tələbənin karyera strategiyası xəritəsini qurmasına yardımçı olması,
tələbənin gələcək yolunda ən böyük dayaq
olacaq.
Unutmayaq ki, təhsil
gələcəyimizdir. Uğurlu gələcəyə doğru
addımlamaq ümidilə...
Vahid Məsimov ©

No comments:
Post a Comment