Salam, dəyərli oxucular!
Son günlərdə
Qafqaz Univeristeti (QU) ilə bağlı
tirajlanan xəbərlər bir qədər təəssüf hissi doğurur. Belə ki, ilk əvvəl
universitetə yeni rektor təyin olunandan sonra bir sıra işçilərin işdən çıxarılması ilə
başlanan narazılıq, tələbələrin bəzi iradlarının yeni yardılan işçi heyət tərəfindən
qəbul edilməməsi fonunda baş verənlər nələrdənsə xəbər verirdi. Daha sonra isə
2017-ci ilin ilk günlərindən etibarən Türkiyənin bəzi KİV-lərində QU məzunlarının
diplomlarının Türkiyədə tanınmayacağı
ilə bağlı verilən rəsmi açıqlamalar, işin bir qədər mürəkkəbliyini göstərirdi.
18 Yanvar,
2017-ci il. Ölkə gündəmində yeni xəbər- “Qafqaz
Universiteti ləğv olundu”.
AzVision.az-ın xəbərinə istinadən, rektor Havar
Məmmədov açıqlamasında bildirib ki, təsisçi Azərbaycan Beynəlxalq Təhsil
Kompleksi tərəfindən universitetin fəaliyyəti 9 yanvar tarixindən dayandırılıb. “Hazırda Universitetdə əvəzetmə komissiyası işləyir. Universitetin adı dəyişdirilməyəcək.
Hər halda dövlət universiteti olacaq. Təhsil Nazirliyi tabeliyində olan
universitetlərə necə nəzarət edirsə, bu da elə olacaq. Yaxın vaxtlarda dövlət
tərəfindən universitetin fəaliyyət sferası ilə bağlı qərar qəbul
ediləcək”.
Daha sonra
isə Lent.az-ın xəbər verib ki, Qafqaz
Universiteti tamamilə ləğv olunacaq və
əvəzində isə Bakı Mühəndislər
Universiteti yaradılacaq deyildi.
Bir şeyi də
xatırladım ki, son 5 ildə QU məhz Dünya
Universitetləri Reyting Cədvəlində (QS WORLD UNIVERSITY RANKING) ilk 700 univeristet içərisində, Azərbaycan
üzrə isə birinci idi.
QU təhsilindən
magistratura pilləsi üzrə yararlanmaq, iki il həddindən artıq professional
professor-müəllim heyəti, səmimi və mehriban insanlarla, olduqca dəyərli tələbə
yoldaşlarımla tanış olmaq imkanım olmuşdu. Azərbaycanda ilk dəfə olaraq müəllim-tələbə
münasibətlərinin bu qədər yaxın və səmimi olduğunun şahidi olmuşduq. Adətən
professorlarla dostluq münasibətinin olması Azərbaycanda bir qədər qeyri-ənənəvi kimi görünüb. QU isə bunu
ənənəyə çevirmişdi, sadəcə.
Professorlarla bərabər səmimi bir
ortamda çay içmək, məsələləri müzakirə
etmək, dərsin gedişatını olduqca effektiv təsir edən amillərdən idi. Müəllimlərdən
biri hətta bir dəfə bir tələbə dostumuzun təhsil
haqqını ödəmişdi, həm də heç bir məqsəd güdmədən. Bunun adı insanlıq və xoş niyyətdir.
Nə vaxtsa bu şəkili paylaşıb, QU-dan keçmiş zamanda danışacağım ağlıma gəlməzdi. QU-dakı təhsil-münasibəti bilməyən, görməyən insanlar üçün bəlkə də bu adi bir xəbərdir. Biz QU məzunları, tələbələri və Azərbaycan təhsilinin gələcəyini, Vətənimizin inkişafını düşünən insanlar üçün isə bu olduqca təəssüfləndirici bir məqamdır.
Cənablar və
xanımlar, sizlərə QU təhsilinin keyfiyyətlərindən uzun-uzadı yazmaq niyyətim
yoxdur, hər şey göz qabağındadır.
Bir xatirəni sizlə bölüşmək istəyirəm.
Hansı univeristetin rektoru axşam dərsindən çıxan tələbələri görüb maşını ilə
yaxınlaşaraq “Uşaqlar, buyurun əyləşin,
gedəcəyiniz yerə aparım sizi, hava soyuqdur” deyir? Bunu edən əvvəlki QU rektoru Professor Ahmet
Saniç idi.
Qafqazla
bağlı o qədər xoş xatirələr var ki. Uğur Arif kimi möhtəşəm bir insanla
tanış olmaq özü böyük bir qürurdur. Professor Cihan Bulut, Ədalət İbadov, Səbuhi
Yusifov, Elnur Abbaszadə, Samir Quliyev, Xanlar Heydərov kimi insanların da adını çəkməyi özümə
borc bilirəm.
Siyasətdən
dərs deyən müəllimimiz dəyərli Uğur Arifin “Arkadaşlar,
fikirlerinizi bildirin. Yeterince saçmalamak haqqınız var, bu size doğruyu
bulmanıza yardımçı olucak” deməsi hələ də qulağımdadır. O qədər gözəl izah
edirdi ki, bu cümlə hər şeyi. Tələbənin nə qədər azad olmasının ən böyük işarəsi idi. Tələbələrə düşünmək, fikrini
ifadə etmək, azad fikir yürütmək kimi lazımlı dəyərlər aşılanırdı. Professor tələbələrə
təkidlə öz fikrinə deyil, doğru olanı tapmağa yardımçı olurdu. Bundan gözəl nə
olar?
Hələ o qədər
öyrəniləcək, dərs çıxarılacaq şeylər var idi QU-dan.
Tam məsuliyyətimlə
bildirmək istəyirəm ki, Avropada aldığım
iki illik təhsilim QU təhsil sistemi ilə uyğunluq təşkil edir. Çünki, QU Azərbaycan
Avropa Təhsil Sistemi ənənlələrini formalaşdırmış
bir təhsil mərkəzi idi. Təhsil standartlarından tutmuş, maddi-texniki bazası, laboratoriyaları, professional kadrları, xaricdə təhsil almış professorları,
elektron tələbə bazası, elektron kitabxanası, əksər texniki imkanları Avropa
universitetlərindən heç də geri qalmayan bir sistem. Bəziləri elektron məlumat
bazasəna yeni-yeni keçirlər, ancaq bunu QU illər öncəsindən edə bilmişdi.
Bir sözlə,
olan yenə Azərbaycan təhsilinə oldu. Qafqazsız
qaldıq. 24 il ərzində fəaliyyət göstərən bu universitetin məzunları, dünyanın
dörd bir yanında Azərbaycan adından
söz etdirməyi bacarıblar. Qafqaz bir dəyər idi. Qafqazın adını dəyişə və ya ləğv
edə bilərlər, ancaq QAFQAZ UNİVERSİTETİ adı hər zaman yaddaşlarda xoş
xatırlanacaq.
Azərbaycan
təhsil tarixinə adını qızıl hərflərlə yazdıran bir universitetin məzunu olduğum
üçün qürur duyuram. Hər şey üçün təşəkkürlər,
QAFQAZ ailəsi. Haqqınızı halal edin.
Növbəti
yazılarda oxunmaq ümidilə...
Vahid Məsimov

No comments:
Post a Comment